BMT Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sarkisyan arasında bu günlərdə Cenevrədə keçirilən görüşün nəticələrini uğurlu adlandırıb və bu nəticələri alqışladığını bildirib.
Baki-xeber.com-un xəbərinə görə, Quterreş tərəfləri bu uğuru davam etdirməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb. Bu barədə jurnalistlərə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib. O deyib ki, ümumdünya təşkilatının başçısı iki ölkə lideri arasında danışıqlar prosesinin aktivləşdirilməsi yönündə əldə olunan razılığı alqışlayır və təmas xəttində gərginliyin azaldılması yönündə əlavə addımların atılacağına ümid edir. “Baş katib deyib ki, BMT ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə tərəfləri pozitiv dinamikadan istifadə etməyə və münaqişənin qan tökülmədən həllinə nail olmağa çağırır”- Dyujarrikin yazılı açıqlamasında deyilir.