Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar…
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən baki-xeber.com-a daxil olan bəyanatda deyilir:
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezident Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa, Endrü Şefer - Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik də qatılıb".
Bəyanatda qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib: "Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".
“Prezident İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır”. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir.
M.Brayza qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə işgüzar sessiyaların təşkil olunması növbəti məntiqi addımdır: “Əgər prezidentlər prosesi bərpa etməyə razılaşıbsa, əlbəttə ki, xarici işləri nazirləri ilə bu cür işgüzar görüşlərin təşkil edilməsi həmsədrlərin öhdəliyidir”.