Ermənistanda İranla aralarındakı gömrük şərtlərinin sadələşdirilməsi təklifi gündəmə gəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə təklif erməni parlamentində səsləndirilib. Bildirilib ki, məqsəd sərhəddən yük maşınlarının ləngimədən hərəkətini təmin etməkdir. Sözügedən təklif isə iki ölkə arasında etibarlılıq mühitinin yaradılmasını nəzərdə tutur. Belə ki, həmin təklif sərhədin bir tərəfində baxılan yükə ikinci tərəfin baxmamasını, yəni Ilkin baxışa etibar etməsini nəzərdə tutur. Başqa sözlə, təklif keçərsə, tərəflər bir-birinin deklarasiyasına etibar etməlidir.
Parlamentin “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan isə bu təklifə qarşı çıxıb. Onun sözlərinə görə, ölkəsinin İranla elan etdiyi bütün meqa-layihələr sonradan bir küncə tullanıb və həyata keçməyib. Deputat deyib ki, barəsində 10 il bağırdıqları İran-Ermənistan dəmiryol layihəsi hələ də ölü nöqtədən tərpənməyib. 2012-ci ildə Sarkisyanın Araz çayı üzərində təməlqoymasında iştirak etdiyi Mahri HES isə hələ də həmin gün özülə qoyulan kapsuldan ibarətdir. Gömrük təklifinə gəldikdə, Paşinyan deyib ki, ola bilər 1-2 ay sonra sərhəddə bir qapı açılsın, amma tezliklə bu qapı nəfəsliyə çevriləcək və çox keçmədən o nəfəslik də qapanacaq.
İndi maraq doğuran İran tərəfinin bu təklifə hansı qarşılıq verəcəyidir. Çünki bu həm də özünün işğalçılıq siyasəti üzündən Azərbaycan və Türkiyə kimi dövlətlər tərəfindən təcrid vəziyyətinə salınan Ermənistana İranın dəstəyi sayıla bilər. İranın isə Azərbaycana xoş gəlməyəcək addım atması inandırıcı görsənmir.