Ermənistanın “armenpress” saytı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun guya atası ilə bağlı dezinformasiya yaydığı barədə xəbər dərc edib.
Baki-xeber.com-un xəbərinə görə, sözügedən informasiya mətnində deyilir ki, Kürdoğlu Əsgərov artıq 7 aydır atasından xəbər ala bilmədiklərini deyib. Saytın xəbərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı missiyasının nümayəndəsi Eteri Musaelyan deyib ki, komitənin nümayəndələri mayın 10-da və iyunun 21-də Dilqəm Əsgərovla Şahbaz Xudiyevə baş çəkərək onların sağlıq durumu və saxlandıqları şəraitlə maraqlanıblar. Guya hər iki azərbaycanlı heç bir probleminin olmadığını deyib.
Sayt eyni zamanda yazır ki, avqustun 30-da APA informasiya agentliyi də bu məsələyə toxunub. Belə ki, Qırmızı Xaçın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova avqust ayında erməni əsirliyində olan soydaşlarımıza bir neçə dəfə baş çəkildiyini bildirib.