İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) yaydığı açıqlamada bildirilir ki, 4 iyul 2017-ci il tarixində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı kənd sakinləri, iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində qətlə yetirilməsi Dağlıq-Qarabağ münaqişəsi regionunda status-kvonun davamlı olmamasının növbəti göstəricisidir və bu status-kvonun dəyişdirilməsi ilə bağlı konkret addımların atılmasını labüd edir. Bu cür insidentlər Azərbaycan və Ermənistan arasında inam yaratma tədbirlərini mümkünsüz etməklə yanaşı, sülh danışıqlarının irəliləməsinə məqsədyönlü maneə kimi qiymətləndirilir.
İSİM hesab edir ki, baş vermiş hadisə münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar və digər beynəlxalq aktorlar tərəfindən düzgün qiymətləndirilməli, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərindən çıxarılması üçün məqsədyönlü addımlar atmalıdırlar. İSİM ümid edir ki, bu kimi nüansları nəzərə alaraq dünya ictimaiyyəti və səlahiyyətli qurumlar münaqişənin ən qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həllində səylərini artıracaqdır.
Baki-xeber.com