Bakıda keçirilən şopinq festivalı Azərbaycana bir çox mənada səmərə gətirəcək. Trend festivalın saytına istinadən xəbər verir ki, bu sözləri Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.
Onun fikrincə, bu festival sayəsində Azərbaycanda beynəlxalq brendlər arasında rəqabət daha da güclənəcək. Eyni zamanda, yerli və xarici alıcıların Azərbaycandakı ticarət mərkəzləri və mağazalara marağı artacaq. Festivalın ənənəvi olaraq, hər il keçiriləcəyini nəzərə alsaq, əminliklə demək olar ki, bu alıcılar Azərbaycandakı mağazaların daimi müştərilərinə çevriləcəklər.
Nasir Əbdül Kərim hesab edir ki, turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır: “Nəzərə alsaq ki, turistlər gəzmək üçün daim sabit və gözəl şəhərlər axtarırlar, Bakı misilsizdir. Şopinq festivalı Azərbaycana daha çox turist cəlb etməklə yanaşı, bu sahədə xidmətlərin keyfiyyətini də yüksəldəcək. Ölkə iqtisadiyyatına ciddi səmərə verən belə bir addımı yalnız alqışlamaq olar”.
Türkiyənin “Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz da Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb.
B.Qorxmaz bildirib: “Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.
Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.