Arzu Nağıyev: "Cəmil Quliyevin İTV-də baş direktor vəzifəsində işlədiyi dövrdə..."
Elçin Mirzəbəyli: "Ümid edirəm ki, onun rəhbərlik fəaliyyəti davam edəcək" Xalid Niyazov: "Cəmil müəllim bu televiziyada uğurlu işlər görməyə müvəffəq oldu" Rufiz Qonaqov: "Cəmil müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm" Mənsum İbrahimov: "Televiziya sahəsində Cəmil müəllim kimi insanlar olmalıdır" Zemfira Qafarova: "Cəmil Quliyev kimi peşəkar bir insanın İTV rəhbəri kimi fəaliyyətini davam etdirməsi daha yaxşı olardı" Fikrət Qoca: "Cəmil Quliyev İTV kollektivinə uğurla rəhbərlik edib"
Azərbaycan teleməkanında öz siması ilə seçilən İctimai Televiziya (İTV) gənc olsa da, böyük işlərə, yaddaqalan layihələrə imza atıb. İTV-nin son 4 illik fəaliyyəti Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının icraçı katibi, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyevin rəhbərliyi ilə bağlıdır.
Qeyd edək ki, C.Quliyev 2013-cü il aprel ayının 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Artıq C.Quliyevin İTV-də birinci baş direktorluq müddəti başa çatır. Cəmil müəllim artıq ikinci dövr rəhbərlik üçün də namizədliyini irəli sürüb. Müsabiqə keçiriləcək, sözsüz ilk dövrdə onun əldə etdiyi nəticələr müsabiqənin yekun qərarı üçün həlledici olacaq. Beləliklə, C.Quliyev ilk 4 ildə necə işlədi?
Müraciət etdiyimiz ictimai-siyasi xadimlər, mədəniyyət adamları, ictimai sektor təmsilçiləri C.Quliyevin fəaliyyətinə özünəməxsus şəkildə dəyər verdilər.
"Cəmil müəllimin bir rəhbər kimi təşkilatçılıq qabiliyyətini..."
Tanınmış politoloq Arzu Nağıyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, C.Quliyevin İTV-yə rəhbərliyi dövründə yaddaqalan proqramlar, layihələr təqdim olunub: "Cəmil Quliyevin İTV-də baş direktor vəzifəsində işlədiyi dövrdə mənim bu kanalla daim əməkdaşlığım olub. Belə ki, bir sıra analitik proqramlarda, o cümlədən "Aktual mövzu", "Ortaq məxrəc", "Media və zaman", "Açıq dərs", "Yeni gün", "Carçı" və s. iştirak etmişəm. Bu vaxt ərzində isti münasibət, peşəkarlıq, eyni zamanda, peşəkarlığa diqqət və qayğının şahidi olmuşam. Həm aparıcıların, həm də texniki personalın müsbət aurası, diqqəti yüksək səviyyədə olub. Bu baxımdan, ictimai rəydən də İctimai TV-nin fəaliyyətini müsbət qiymətləndirirəm və Cəmil müəllimin bir rəhbər kimi təşkilatçılıq qabiliyyətini, təvazökarlığını, alicənablığını, kollektivdə olan hörmətini də yüksək dəyərləndirirəm"
"...fəaliyyətini müsbət qiymətləndirirəm..."
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, tanınmış şair Elçin Mirzəbəylinin fikrincə, C.Quliyevin İctimai Televiziyaya rəhbərliyi dövründə bu media institutunun həyatında böyük yeniliklər baş verib. C.Quliyevin işinə peşəkar münasibət göstərdiyini deyən E.Mirzəbəyli bildirdi ki, bu televiziya bütövlükdə ictimaiyyətin, xalqın televiziyası olmaq missiyasını yerinə yetirə bilir: "Cəmil müəllim öz işinin ustasıdır, peşəkardır. O, uzun illərdir televiziya sahəsində fəaliyyət göstərir. Televiziya işini yüksək səviyyədə bilən insanlardan biridir. O, eyni zamanda, yüksək mədəniyyətə sahib olan bir insandır. Cəmil müəllimin İTV rəhbəri vəzifəsindəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, İctimai Televiziya missiyasına, mahiyyətinə tamamilə uyğun şəkildə fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə bu televiziyada olduqca maraqlı verilişlər yaranıb. Cəmiyyətin bütün təbəqələrinin İctimai Televiziyada iştirak etdiyinin, proqramlarda ən müxtəlif mövzulara toxunulduğunun şahidi olmuşuq. Bu aspektdən C.Quliyevin bu müddət ərzindəki fəaliyyətini müsbət qiymətləndirirəm və ümid edirəm ki, onun rəhbərlik fəaliyyəti davam edəcək".
E.Mirzəbəyli vurğuladı ki, C.Quliyevin rəhbərliyi ilə İctimai Televiziyada öz işini yüksək səviyyədə bilən peşəkarlar çalışır.
"Cəmil müəllim bu sahənin adamıdır"
Respublikanın əməkdar jurnalisti Xalid Niyazov da hesab edir ki, C.Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru kimi böyük işlərə imza atıb: "C.Quliyevin İTV-yə rəhbərliyi dövründə görülən işləri qənaətbəxş sayıram. Burada münbit yaradıcılıq şəraiti, gözəl kollektiv formalaşdırılıb. Cəmil müəllim bu sahənin adamıdır. O, televiziya işinin həm nəzəriyyəsi, həm də praktikası ilə məşğul olur. Mədəniyyət və İncəsənət Universitetinin professorudur, Kinematoqrafiya İttifaqının katibidir. Demək istəyirəm ki, o, televiziyaya kənardan gəlmiş adam deyil, bu işin içində olan adamdır. Televiziya sahəsinin bilicisidir, peşəkarıdır Cəmil müəllim. Ona görə də bu cür insanın fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bu illərdə televiziyada maraqlı, rəngarəng proqramlar, layihələr meydana çıxdı. Bu verilişlər ölkənin ictimai-siyasi, mədəni palitrasını, bir sözlə, bütün həyatını canlandıran, özündə təcəssüm etdirən proqramlardır. Cəmil müəllim bu televiziyada uğurlu işlər görməyə müvəffəq oldu. Bir ziyalı, tamaşaçı kimi, onun fəaliyyəti məni qane edir. Bugünkü televiziya mühitini götürəndə İTV AzTV-yə yaxınlaşa bilir, o biri kanallardan isə kəskin şəkildə fərqlənir".
"Cəmil müəllimin İTV-yə rəhbərliyi dövründə böyük inkişafın şahidi olmuşam..."
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov da C.Quliyevin fəaliyyətindən razı qaldığını qeyd etdi. R.Qonaqov bildirdi ki, o əvvəlcə C.Quliyevin atası, mərhum televiziya mütəxəssisi Elşad Quliyevi tanıyıb və dostluq edib: "Mənim rəhmətlik Elşad müəllimlə çox səmimi münasibətlərim vardı. Cəmil müəllimə gəldikdə isə, deyərdim ki, o həm televiziya peşəkarı, həm də cəmiyyətimizdə sayılıb-seçilən ziyalılardan biridir. Onun rəhbərliyi dövründə dəfələrlə İctimai Televiziyanın ictimai-siyasi verilişlərində çıxış etmişəm. Ümumiyyətlə, bu gün İctimai Televiziya cəmiyyətimizdə hörmətlə yanaşılan, baxılan, bütün bölgələrimizdə daha çox izlənən televiziyalardan biridir. Bu baxımdan Cəmil müəllimin İTV-yə rəhbərliyi dövründə böyük inkişafın şahidi olmuşam, burada hər hansı bir axsamanı, geriliyi müşahidə etməmişəm. Verilişlər həm rəngarənglik, həm operativlik, bütün təbəqələrdən olan tamaşaçıların maraqlarını təmin etmək, zövqünü oxşamaq baxımından çox maraqlıdır. Mən bu baxımdan Cəmil müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm".
R.Qonaqov əlavə etdi ki, İTV ictimaiyyətin tam olaraq simasını özündə əks etdirə bilir. "Bütövlükdə götürəndə İTV ictimaiyyəti təmsil edə bilir. Çünki demək olmaz ki, bu gün ictimaiyyətdə fəal olan bir insan, yaxud ictimai xadimlər İTV-nin qapısını tanımasın, ora dəvət edilməsin. Hamıya diqqət göstərilir. Ora dəvət edilən insanlar İTV-nin müxtəlif səpkili verilişlərində iştirak edir, sözlərini deyə bilirlər. Doğrudan da, İctimai Televiziya bu müddət ərzində ictimaiyyətin televiziyası olub. Yəni heç kəsin üzünə bu kanalın qapısı bağlı olmayıb. Kim müraciət edibsə, müsbət cavab alıb. Mən sizə gördüklərimdən danışıram. İndiyə qədər İTV haqqında hər hansı bir narazılığın şahidi olmamışam"-deyə R.Qonaqov bildirdi.
"O, gözünü televiziyada açıb..."
Azərbaycan Respublikasının xalq artisti, professor Mənsum İbrahimov C.Quliyevin fəaliyyətindən razı olan saysız mədəniyyət xadimlərindəndir. O bizimlə söhbətində bildirdi ki, C.Quliyevin rəhbərliyi dövründə İTV-də xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyət tarixi ilə bağlı rəngarəng proqramların kəmiyyəti və keyfiyyəti daha da artıb: "Mənim Cəmil müəllimin fəaliyyətinə münasibətim olduqca yaxşıdır. Birincisi, o elə bir ailədə doğulub ki, atası birbaşa televiziya ilə bağlı adam olub. O, gözünü televiziyada açıb. Mən Cəmil müəllimi peşəkar, yüksək mədəniyyətli, bütün sənət adamlarına xüsusi diqqəti olan səmimi bir insan kimi tanıyıram. Onun İTV-də milli-mənəvi dəyərlərimizlə bağlı verilişlərin sayının çoxalmasında, mentalitetimizlə, tariximizlə, mədəniyyətimizlə bağlı verilişlərin meydana gəlməsində, təşkil olunmasında böyük xidmətləri var. Cəmil müəllimin fəaliyyətindən çox razıyam. Fəaliyyətini qənaətbəxş hesab edirəm. Fikrimcə, o, öz yerində olan mütəxəssisdir, insandır. Televiziya sahəsində yalnız Cəmil müəllim kimi insanlar olmalıdır. Çünki o peşəkardır, öz işini yüksək səviyyədə bilir".
"Bir musiqişünas kimi onun fəaliyyətindən razıyam"
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, görkəmli musiqişünas, pedaqoq Zemfira Qafarova da C.Quliyevin fəaliyyətindən razılığını bildirdi: "Mən yaradıcılıq təşkilatlarının təmsilçisi kimi deyə bilərəm ki, C.Quliyevin fəaliyyəti olduqca parlaq görünür. Mən onun gördüyü işləri müsbət qiymətləndirirəm. İTV-də Cəmil müəllimin rəhbərliyi ilə maarifçilik verilişləri yaradılıb. Bu, mədəniyyətin bütün sferalarını əhatə edir. Bir musiqişünas kimi onun fəaliyyətindən razıyam. Bir çox musiqi xadimlərimizlə, musiqi tariximizlə bağlı verilişlər hazırlanır. Burada şəhidlərimizlə, xalqımızın milli-mənəvi dəyərləri ilə bağlı hazırlanan proqramlara da yüksək qiymət verirəm. Sözümün canı odur ki, onun rəhbərliyi ilə İTV-də çox baxımlı verilişlər hazırlanır. Düşünürəm ki, Cəmil Quliyev kimi peşəkar bir insanın İTV rəhbəri kimi fəaliyyətini davam etdirməsi daha yaxşı olardı. Bunu arzu edirəm".
"Onun fəaliyyətini yüksək qiymətləndirirəm..."
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın fikrincə, C.Quliyev İTV-yə uğurla rəhbərlik edib: "İctimai Televiziya bizim çox gözəl televiziyalarımızdandır. Burada verilişlərin düzümü, səliqəsi, maraqlı olması diqqətimi çəkir. Dövlətçiliyimizin, mədəniyyətimizin keşiyində duran əsas iki televiziyamız var. Biri AzTV, o biri isə İTV-dir. Cəmil müəllimin rəhbərliyi ilə İTV tərəfsiz, hər bir mövzunu normasında təqdim edən kanaldır. O bu televiziyada çox maraqlı, gözəl verilişlər təşkil edir. C.Quliyev İTV kollektivinə uğurla rəhbərlik edib. Bu kollektiv onun rəhbərliyi ilə tərəfsizdir, sağlamdır. Onun atası da telviziya rəhbəri olub. O da yüksək peşəkarlıq qabiliyyətinə malik insan idi. Cəmil müəllim həm də çox abırlı adamdır, bu genlə gəlmə keyfiyyətdir. Onun fəaliyyətini yüksək qiymətləndirirəm və fəaliyyətindən razıyam".
Bütün müsahiblərimiz C.Quliyevin daha bir dördillik dövr üçün İTV rəhbərliyində həm cəmiyyətimizə, həm də milli televiziya sənətimizə böyük fayda verə biləcəyinə möhkəm əmin olduqlarını dedilər. Bu onların fikri idi. Görək onu rəsmi seçənlər nə deyəcək...
İradə SARIYEVA