Almaniya Türkiyəni fövqəladə vəziyyət rejimini mümkün qədər tez aradan qaldırmağa çağırıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, Almaniya XİN başçısı Frank Valter Ştaynmayer bildirib ki, insan hüquqlarına maksimum dəyər verilməli, yalnız çevriliş cəhdində günahı sübuta yetirilən şəxslər barəsində hüquqi ölçü götürülməlidir. O deyib ki, bu məsələdə hökumət ciddi əsaslara dayanmalı, fövqəladə vəziyyət rejimini isə mümkün olduğu qədər tez aradan qaldırmalıdır. "Bu həm də Türkiyənin öz maraqlarına uyğundur.”- o deyib.
Xatırladaq ki, dünən axşam saatlarında prezident Ərdoğanın sədrliyilə keçirilən hökumətin fövqəladə toplantısında Türkiyə ərazisində 3 ay üddətinə fövqəladə vəziyyət rejiminin tətbiq olunması barədə qərar qəbul edilib. Prezident Ərdoğan alınan qərarı təhlükəsizlik məqsədlərilə izah edib. O deyib ki, Avropanın bu addımı qınamaq hüququ yoxdur və Türkiyə iqtidarının addımlarına qiymət verməsini istəmir:”Yaxşı olar ki, onlar sadəcə yolumuzdan çəkilsinlər, Türkiyə özü öz taleyini müəyyən edə bilər”.
Onu da xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 190 Türkiyə vətəndaşı həlak olub, 100 qiyamçı məhv edilib. Bunun ardınca ölkənin dövlət qurumlarında kütləvi təmizləmə və həbslər başlayıb. 9 minə yaxın insan həbs olunub ki, onlar arasında 100-dən çox general və admiral var. Eyni zamanda 40 min insan işdən çıxarılıb, onlardan 3 mini hakim, 4 mini polis məmurudur.