Ermənistanın Təhlükəsizlik xidməti bir qrup silahlı şəxsin İrəvanın Erebuni rayonunda polis idarəsini ələ keçirməsilə bağlı açıqlama yayıb.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, açıqlamada bildirilir ki, bir qrup silahlı şəxs səhər saatlarında komendantlığın ərazisinə daxil olaraq oradakıları təhdid altında saxlayır. Eyni zamanda sosial şəbəkələrdə xəbərlər yayırlar ki, guya ermənistanda silahlı qiyam baş qaldırıb. Qurum bildirir ki, bu barədə deyilənlər həqiqəti əks etdirmir. Ölkənin hüquq-mühafizə orqanları silahlılarla hazırda danışıqlar aparır.
Lakin verilən xəbərlər situasiyanın heç də deyildiyi kimi stabil olmadığını ortaya qoyur. Belə ki, şahidlər ətraf evlərin damlarında snayperlər yerləşdirildiyini və polislə qiyamçılar arasında atışma olduğunu xəbər verir. O da bildirilir ki. hər iki tərəfdən yaralananlar var. Ermənistanın "Təsis parlamenti”nin spouksmeni Varujan Avetisyan lragir.am saytına bildirib ki, qruplaşmanın üzvü Tatul Tamrazyan yaralı vəziyyətdə xəstəxanaya qaldırılıb.
"Sasna dzrer” silahlı qrupu radikal müxalifət təşkilatının rəhbəri Sefilyanın həbsdən azad olunmasını tələb edir. Hazırda onlarla danışıqlar aparmaq üçün isə hadisə yerinə İrəvan polis rəisinin müavini Valeri Osipyan və respublika polisinin rəis müavini Yegiazaryan gedib. Qiyamçılar isə Sefilyanın gətirilməsini tələb edir, yalnız onun əmrlərinə tabe olacaqlarını bildirirlər. İnterfax isə bir nəfərin öldüyü barədə xəbər yayıb.