Türk Silahlı Qüvvələrinə aid bir qrupun uğursuz çevriliş cəhdinin ardından haqqında gözaltı qərarı çıxarılan daha bir general Erdal Öztürk Bursanın İnegol rayonunda saxlanıb.
Baki-xeber.com-un Dogan Agentliyinə istinadən xəbərinə görə, onun yeri şəxsi avtomobilinin dövlət nömrə nişanının təqibə alınması ilə təsbit edilib. Xəbərə görə, general Öztürk Bursa yolunda hərəkət edərkən bir yeməkxana qarşısında maşınını saxlayıb. Onun olduğu yeri dəqiqləşdirən hüquq-mühafizə orqanı əməkdaşları buraya gəldikdə generalın xanımı ilə birlikdə nahar etdiyini görüb. Onların gəlişini fərq edən general Öztürk xanımına nəsə deyərək tələsik arxa qapıya yönəlib, lakin burada da hüquq-mühafizə orqanı əməkdaşlarının durduğunu gördükdə masasına qayıdıb. Bundan sonra o, polis maşınına götürülərək İstanbula aparılıb.
Qeyd edək ki, general Öztürk çevriliş cəhdinin yaşandığı gecə NTV efirindən müraciət edərək, əsgərlərə kazarmalara dönməyi əmr etmişdi. Lakin bəzi mənbələr onun "ilanın başı” olduğu qənaətindədir.