Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarına maksimum diqqətli olmağa və Türkiyə hakimiyyətinin qoyduğu qayda və qanunlara ciddi əməl etməyə çağırış edilib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına vəziyyət normallaşana qədər əhalinin kütləvi yığışdığı yerlərdən uzaq durmaq, xüsusi ehtiyac olmadan küçəyə çıxmamaq, hər hansı bir problem yarandığı halda tez bir zamanda Azərbaycanın Türkiyədəki diplomatik missiyasına müraciət etmək və öz vəziyyəti barədə yaxınlarına və qohumlarına məlumat vermək tövsiyə olunur.
Azərbaycanın Türkiyədəki diplomatik missiyası gücləndirilmiş rejimdə işləyir.