Türkiyə fövqəladə bir gecə yaşayır. Hər şey İstanbuldakı körpülərə əsgərin çıxması ilə başladı. DHA yaydığı görüntülərdə Boğaziçi körpüsündən tankların getdiyi görüldü. Ankarada isə hərbi döyüş təyyarələri parlament və Baş Qərargah üzərində uçmağa başladı. Baş nazir Binali Yıldırım yaşanan hadisələri çevriliş cəhdi olduğunu bəyan etdi.
"Reuters” agentliyi isə şahidlərə istinadən, Ankarada silah səslərinin eşidildiyini yazdı.
Hərbi döyüş təyyarələri və 3 super kobra vertolyotu Ankarada Baş Qərargah üzərində uçuşlar etməyə başladı. Baş qərargah önünə çox sayda təhlükəsizlik qüvvələri cəlb edildi.
Vertolyotdan Baş Qərargah önündəki polislərə atəş açıldı
NTV-nin xəbərinə görə, Kobra tipli hərbi vertolyotdan Baş Qərargah önündəki polislərə atəş açılıb.
Baş qərargah rəisi girov götürüldü
Anadolu Agentliyi (AA) isə qaynaqlara istinadən xəbər yayıb ki, baş qərargah rəisi general Hulusi Akar hərbi çevrilişçi bir qrup hərbçi tərəfindən girov götürülüb.
TRT-nin binası işğal edildi
Hərbçilərin TRT-nin Ankaradakı binasına girdiyi bildirilir. İşçilərin bir otağa yığıldığı xəbər verilir. TRT rəhbərliyinə əl qoyulduğu, bir müddət yayımın kəsildiyi, sonradan isə xəbər xaricində normal yayıma başlandığı xəbər verilir.
MİT qərargahında qarşıdurma səsləri
AA, Ankarada Milli Kəşfiyyat Təşkilatı (MİT) şəhərciyində hərbi vertolyotdan atəş açılmasından sonra MİT-in ətrafında təhlükəsizliyi qoruyanlar tərəfində hücuma silahla cavab verildiyini bildirir.
İstanbulda Vətən prospektində də silah səsləri eşidilir.
AA-nın xəbərinə görə, Ankara Gölbaşındaki Xüsusi Hərəkat binasında partlayış səsi eşidilib.
Aksaray Ordu Evinin qarşısında 9 tankın dayandığı, "Sikorsky” vertolyotlarının uçduğu bildirilir. Bəzi vətəndaşlarından tanklardakı əsgərləri qarşısını almağa çalışdığı qeyd edilir.
AA-nın məlumatına görə, TRT'-ni işğal edən üsyançılar, efirdə bəyanat oxutdurublar.
Prezident qaynaqları İstanbul və Ankaradakı hərbi çevriliş cəhdilə bağlı, Türkiyə Silahlı Qüvvələri (TSK) adından edildiyi iddia edilən açıqlamanın əslində TSK tərəfindən edilmədiyinə diqqəti çəkərək, "saxta bəyanat" olduğunu bildirib.
Baş Nazirlik ofisi və Taksim Meydanında çox sayda əsgər toplanıb. Beşiktaşdakı Baş Nazirlik binası önünə də əsgərlərin gəldiyi bildirilir.
Hərbçilər Sakarya Valiliyinə girdi
Sakaryada isə əsgərlər, Sakarya Valiliyinin binasına giriblər, tanklar da valiliyin həyətinə daxil olub.