Altay Respublikasında qorxulu vəba xəstəliyi yayılıb.
Baki-xeber.com-un MK.ru saytına istinadən xəbərinə görə, Koş-Aqaç rayon xəstəxanasına gətirilən 10 yaşlı oğlan uşağına vəba diaqnozu qoyulub. Bunun ardınca onunla təmasda olan 17 nəfər də karantinə götürülüb.
Xəstəliyin hansısa həşəratın xəstə heyvandan sonra uşağı sancması nəticəsində ortaya çıxdığı ehtimal olunur. Hazırda rayonda əhali arasında kütləvi şəkildə peyvəndləmə əməliyyatı aparılır. Lakin turistlərlə bağlı situasiyanın bir qədər çətin olduğu bildirilir. Məsələ burasındadır ki, bu xəstəliyin inkubasiya dövrü 3-5 gün çəkir. Beləliklə turist vəbaya yoluxduğundan vətəninə döndükdən sonra da xəbər tuta bilər ki, bu da xəstəliyin coğrafiyasınin genişlənməsi və digər ölkələrdə yayılması deməkdir.
Xatırladaq ki, Altay Respublikasının Koş-Aqaç rayonu turizm imkanları ilə məşhurdur. Buradakı istirahət mərkəzlərinə hər mövsümdə xeyli sayda turistin gəldiyi bildirilir ki, sözügedən hadisə bu mövsümdə həmin sektora ciddi ziyan vurmaq gücündədir.