Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın 2017-ci ilin I yarısında imzalanması tamamilə realdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məluata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov is’ Astanada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin danışıqlarının yekunları üzrə mətbuat konfransında deyib ki, "Xəzəryanı beşlik" liderlərinin sammiti 2017-ci ildə Astanada keçiriləcək.
Onun sözlərinə görə, sammitin dəqiq tarixi daha sonra məlum olacaq.
"Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması ilə bağlı əlavə görüşə ehtiyac var”. Bunu da Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkənin baş naziri Kərim Masimovun Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə keçirdiyi görüşdə deyib (APA). O bildirib ki, Konvensiyanın hazırlanması üzrə bir sıra razılaşdırılmamış məsələlər hələ də qalır.
Nazir qeyd edib ki, Astanada keçirilən məsləhətləşmələrdə əsas diqqəti Konvensiyanın razılaşdırılmasına yönəldiblər: "Biz dünən işə başlamışıq, iki işçi iclas keçirmişik. Bu gün isə tam tərkibdə plenar iclas baş tutdu. Yenə görüşlər olacaq. Müəyyən irəliləyiş var, lakin üzərində işlənilməli olan məsələlər də mövcuddur”.
Y. İdrisov bəyan edib ki, nümayəndə heyətləri konstruktivlik nümayiş etdirirlər və indiki məsləhətləşmələr çərçivəsində aparılan işə töhfə vermək üçün çalışırlar: "Lakin görünür, sammitə kimi əlavə görüşün keçirilməsinə ehtiyac var”.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir: "Su hövzəsindən ancaq sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq”.
O bildirib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir. Nazir ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb.