Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur TASS agentliyinə deyib.
O qeyd edib ki, bu cür görüş şübhəsiz baş tutacaq: "Görüşün avqustun 8-də keçirilməsi gözlənilir”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da prezidentlərin görüş tarixini təsdiqləyib. O, bildirib ki, Azərbaycan, Rusiya və İran prezidenlərinin avqustun birinci ongünlüyündə görüşü planlaşdırılır.
İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, İran prezidenti Həsən Ruhani avqustun 8-də Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyinə ümid edir. Onun sözlərinə görə, tərəflər, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.