Ukraynanın Sumi vilayəti azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova Azərbaycandan deportasiya olunub və bir il müddətinə ölkəyə girişinə qadağa qoyulub. M. Salmanova APA-ya bildirib ki, bu onun iyunun 3-4 Bakıda keçirilən Dünya Azərbaycanlıların IV Qurultayından geri qayıdarkən baş verib.
O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəvət olunduğu qurultay bitdikdən sonra ata yurdu Şəki şəhərinə baş çəkib, iyunun 12-də Bakıda hava limanından Ukraynaya geri qayıdarkən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları ona qanunvericiliyi pozduğunu və 300 manat məbləğində cərimə olunduğunu bildiriblər.
M. Salmanova qanunu pozmasından xəbərsiz olduğunu, dəvət edən qurum tərəfindən ona belə bir xəbərdarlıq edilmədiyni əsas gətirərək cəriməni ödəməkdən imtina edib.
DMX əməkdaşları bu halda qanunvericiliyə əsasən, onun Azərbaycana girişini 1 il müddətinə məhdudlaşdıraraq Ukraynaya yola salıblar.
M. Salmanova isə buna etiraz olaraq Azərbaycan prezidentinə və Milli Məclisə müraciət ünvanladığını deyir: "Diasporla İş üzrə Dövlət Komitəsi məni iyunun 2-dən 5-dək müddətdə dəvət etmişdi. Ancaq mən qurultaydan sonra çoxdandır gəlmədiyim vətənimdə bir az da qalmaq istədim - iyunun 12-ə qədər. Amma mənə heç bir xəbərdarlıq olunmadı ki, 3 gündən artıq qaldığım təqdirdə qeydiyyata düşməliyəm. Hadisə barədə Komitənin Ukrayna üzrə şöbəsinə müraciət etsəm də, mənə cavab vermədilər”.