"Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik”. Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk Qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Con Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar: "Həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksək səviyyəli səylərini davam etdirəcək”.
ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırırlar, lakin səfərin dəqiq tarixi hələlik bəlli deyil. APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə isə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Diplomat deyib ki, tarixi tərəflərlə razılaşdırmağa, onların iş qrafikinə uyğunlaşdırmağa çalışırlar.
O, dünən Vyanada həmsədr ölkələrin səfirləri də daxil olmaqla Minsk qrupunun iclasının keçirildiyini də bildirib: "Ümumilikdə, bütün bu görüşlər həmsədrlər tərəfindən həyata keçirilən son vasitəçilik səylərini və Sankt-Peterburq sammitinin nəticələrinə həsr olunub. Fransalı və amerikalı həmkarlarım Fransua Olland və Con Kerrinin fikirləri barədə məlumat verdilər. Biz, həmçinin, növbəti addımlar barədə danışdıq".
Qeyd edək ki, həmsədrlər regiona sonuncu dəfə aprelin 5-də səfər ediblər.