NATO-nun Varşava Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də çıxış etdiyi Əfqanıstanla bağlı sessiyada Ermənistanın dövlət başçısı Serj Sarkisyan da çıxış edərək, əslində həm özünü, həm də Fransa prezidenti Fransua Ollandı çətin duruma salıb.
Çıxışına Ollanda müraciətlə başlayan erməni dövlət başçısı Fransa prezidentinə "genosid” idiialarını inkara görə cəza nəzərdə tutan bədnam qanunun parlamentdə qəbulunda "oynadığı xüsusi rol”la bağlı təşəkkürlərini çatdırıb. Bu isə bir daha Ollandın sözügedən qanunun qəbulunda müstəsna xidmətlərindən xəbər verir, eyni zamanda onun Qarabağ çözümü ilə bağlı verdiyi vədlərin nə qədər səmimiyyətdən uzaq olduğunu ortaya qoyur. Yəni bununla əslində Sarkisyan Ollandı ifşa etmiş olub.
Erməni prezidentinin daha bir kobud səhvi onun sözügedən sessiyada lənətə gəlmiş "müqəddərat” məsələsini bir daha qabartması olub. O deyib ki, status-kvo o halda dəyişə bilər ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ tanınsın. Bu isə əsl pozuculuq mövqeyi olmaqla, münaqişənin həlli yönündə bu günə qədər atılan addımların əhəmiyyətini heçə endirir. Eyni zamanda bu, NATO-nun hələ "mürəkkəbi qurumamış” Kommünikesini heçə saymaq anlamına gəlir. Yəni NATO ərazi bütövlüyünün bərpasına çağırır, Sarkisyan isə deyir ki, əvvəlcə Qarabağı bizə verin, sonra status-kvonu dəyişək. Belə bir diletant mövqe isə erməni prezidentin əslində özünün Qarabağ siyasətinin elə özü tərəfindən ifşa olunması deməkdir.
Görünür, ölkəsində işğal etdikləri Azərbaycan torpaqlarının qaytarıla biləcəyi xəbərlərilə baş qaldıran və aprel müharibəsindən sonra səngimək bilməyən gərginlik onun məntiqli çıxış etməsinə və doğru qərarlar qəbul etməsinə getdikcə daha çox mane olmağa başlayıb. Əks halda Sarkisyan belə bir mötəbər tribunada heç olmasa deyəcəklərinin hansı nəticələr doğura biləcəyini götür-qoy edərdi...
Baki-xeber.com