İyulun 7-də axşam namazı zamanı "İslam dövləti” terrorçu qruplaşmasının yaraqlıları Bağdadın şimalında yerləşən şiə ziyarətgahına hücum edib.
Baki-xeber.com-un "reuters”-ə istinadən xəbərinə görə, hücum edənlərin yaratdığı qarışıqlıqdan istifadə edən üç intiharçı məscidə daxil ola bilib və özünü partladıb. İraq rəsmiləri azı 35 nəfərin öldüyünü, 40-dan çox adamın yaralandığını bildirir.
Zəvvarların Baladdakı Sayyid Muhammad bin Ali al-Hadi türbəsinə Ramazan bayramını qeyd etməyə yığışdıqları bildirilir. Partlayışdan yarım saat sonra azı 20 yaraqlı məscidi əhatəyə alıb. Sonradan əlavə polis qüvvələrinin gəlməsilə onlardan azı 7 nəfəri məhv edilib.
Xatırladaq ki, bir neçə gün öncə Bağdadın mərkəzində törədilən partlayışda azı 292 nəfər həlak olmuşdu.
Hücuma görə məsuliyyəti "İslam dövləti" qruplaşması üzərinə götürüb.