ABŞ-ın Əfqanıstanda 8400 nəfər həbçisini saxlamaq qərarını açıqlamasının ardından NATO ölkələrinin liderləri 3 əsas məsələni müzakirə etmək üçün Varşavada bir araya gəlməyi planlaşdırır.
"Amerikanın səsi” analitiklərinin fikrincə, bunlar Əfqanıstan hökumətinə yardımın davam etdirilməsi, İŞİD-lə mübarizə və "Rusiya aqressiyasını” NATO-nun Şərq cinahında saxlamaqdan ibarətdir. Məsələ burasındadır ki, Amerika hərbçilərinin Əfqanıstanda qalması məsələsi üzərindən sual işarəsi qaldırıldığı üçün NATO liderləri yeni strategiya hazırlanmalı olduğunu bildiriblər. Qeyd olunub ki, illərdir ölkənin resurslarının məhv olması və minlərlə insanın həyatını itirməsinə rəğmən, nə yerli güc strukturları, nə də NATO bölgədə hər hansı stabilliyə nail ola bilməyib. Eyni zamanda nəzərə alınsa ki, Rusiya Krımı anneksiya edib və Ukrayna separatçılarına hələ də dəstək verməkdə davam edir, NATO-nun Şərqdəki müttəfiqlərini sakitləşdirməsi və "Rusiya aqressiyasının” qarşısını alması günün tələbi kimi çıxış edir. Radionun Amerika xidməti bildirir ki, məhz bu səbəbdən ABŞ, Britaniya, Almaniya və Kanada NATO-nun Alyansın Şərq cinahında mənzillənən qüvvələrinə başçılıq etməyi düşünür. Xəbərə görə, ABŞ prezidenti administrasiyasındakı anonim mənbə Barak Obamanın bu günlərdə Polşadakı batalyona ölkəsinin rəhbərlik edəcəyi barədə açıqlama verəcəyini bildirib. Digər batalyonlar isə Latviya, Litva və Estoniyada yerləşdiriləcək.
ABŞ-ın NATO-dakı səfiri Daq Lyut jurnalistlərə bildirib ki, 4 batalyonun "mülayim və məsuliyyətli hərbi mövcudluğu” Alyans liderlərinin ötən il Uels sammitində üzərinə götürdüyü əsas vəzifələrin yerinə yetirilməsinə yardımçı olacaq. Xatırladaq ki, sözügedən sammitdə liderlər müttəfiq güclərinin əhəmiyyətli hissəsinin daha yüksək hazırlıq standartlarına çatdırılması barədə razılığa gəlib. Səfirin sözlərinə görəi, bu razılaşmanın ardından İspaniyada 13 min nəfərlik hərbi kontingent yerləşdirilib ki, onların sayılı günlər ərzində Alyansın istənilən ölkəsinə dislokasiyası mümkündür.
Bütün bunların isə Rusiya-NATO münasibətlərinin yaxın zamanlarda düzəlməyəcəyini düşünməyə ciddi əsaslar verdiyi ortadadır.
Baki-xeber.com