Suxumidə daxili işlər naziri Leonid Dzapşpanın istefası tələbilə aksiya keçirən müxalifət prezidentin qərarını gözləmədən DİN-in binasına hücum edib.
Baki-xeber.com utro.ru-ya istinadən xəbər verir ki, onlar nazirliyin binasına "molotov kokteyli” atıblar. Sputnik Abxaziya agentliyi DİN əməkdaşlarının alovun ətrafa yayılmasına imkan vermədiyini bildirib. Yerli KİV-in xəbərinə görə, kütlənin binaya hücumu o qədər güclü olub ki, polis onun qarşısını almağa və aksiya iştirakçılarını binadan uzaqlaşdırmağa nail ola bilməyib.Buna baxmayaraq, DİN-in binasında müxalifət nümayəndələrinin də qatıldığı məşvərət məclisi davam edir. Məclisdə əsasən daxili işlər nazirinin tutduğu vəzifədən uzaqlaşdırılması müzakirə olunur. Müxalifət xalq səsverməsində saxtakarlığın olmasından və insanların konstitusiya hüquqlarının pozulmasından narazıdır. Onlar Abxaziya dövlət başçısı Raul Hacimbaya etimad səsverməsinin payıza qədər təxirə salınmasını tələb edir.