Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Trend Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani də iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. İran İslam Respublikasının Prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının Prezidentini təbrik etmiş, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.
Dövlətimizin başçısı İran İslam Respublikası Prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.