"Azərbaycan Mətbuat Şurası hansı formada cəmiyyətdə imic qazanmasından asılı olmayarq bu və ya digər dərəcədə jurnalist fəaliyyəti ilə əlaqəli olan şəxsin azadlıqdan məhrum edilməsindən təəssüf hissi keçirir. Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsinə də belə yanaşırıq. Ancaq hesab edirik ki, onun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə biləcək hadisə deyil". Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, jurnalist peşə fəaliyyətində ölkə qanunlarına və peşə davranışı qaydalarına riayət etməlidir. Praktika göstərir ki, etik prinsiplər çərçivəsində hərəkət edən media nümayəndəsinin iş müstəvisində qanundan kənar addım atması hallarına demək olar rast gəlinmir. "Təəssüf ki, eyni sözləri jam.az barədə söyləyə bilməyəcəyik. Bizdə olan məlumata görə, Fikrət Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilir. Məsələnin təfərrüratlarından xəbərdar deyilik. Sadəcə onu deyə bilərik ki, bu cəhət Şuraya daxil olan çoxsaylı şikayətlərdə də əksini tapırdı. Dəfələrlə xəbərdarlığımız olub. Lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2014-cü il tarixli qərarı ilə «qara siyahı»ya salınıb. Bu, Şuranın «jam.az» barədə gördüyü ən sərt ictimai qınaq tədbiridir", - deyə Ə.Amaşov əlavə edib.