Britaniya parlamentinin deputatları ölkənin eks-baş naziri barəsində məhkəmə iddiası qaldırılması təşəbbüsü ilə çıxış ediblər.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, buna səbəb kimi Britaniyanın İraqa qarşı müharibəyə qoşulması göstərilir. Məsələ burasındadır ki, daha öncə Bler məhz İraqa hücumun "İslam dövləti” terrorçu təşkilatının yaranmasına səbəb olduğu barədə etiraf səsləndirib.
Xəbərdə bildirilir ki, 2003-cü ildə Britaniyanın İraqa hücumda iştirak etməsində Blerin rolu barədə komissiyanın gəldiyi nəticə 6 iyun tarixində dərc ediləcək. Bundan sonra deputatlar eks-baş nazirin məsuliyyətə cəlb olunması yönündə hərəkətə keçəcək. Deputat Aleks Salmond deyib ki, həmin müharibədə 179 Britaniya əsgəri həlak oldu, 150 min insan həyatını itirdi və dünya terrorla qarşı-qarşıya qaldı.
İttiham təsdiqini taparsa, cəza olaraq Toni Blerin bir daha baş nazir postuna gələ bilməyəcəyi qeyd olunur. Deputatlar həbs versiyasını isə istisna ediblər və bunun simvolik xarakter daşıyacağını bildiriblər.
Bler özü məruzə dərc olunana qədər məsələyə şərh verməkdən imtina edib.