Fransa parlamentinin aşağı palatası bu günlərdə genosidin inkarına görə cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsini yenidən səsverməyə çıxarıb.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, bu, palatanın sözügedən mövzuda ikinci cəhdidir. İlk dəfə bu mövzuda qanun layihəsi Fransanın hazırkı prezidenti Fransua Ollandın prezident kürsüsünə oturmasından dərhal sonra parlament səsverməsinə çıxarılmışdı. O zaman erməni lobbisinin aktiv fəaliyyətilə həmin qanun layihəsi bütün instansiyaları keçərək Konstitusiya məhkəməsinə qədər gedə bildi. Lakin Konstitusiya məhkəməsi, fikir və söz azadlığını boğduğunu əsas gətirərək həmin qanunu qəbul etmədi. O zaman ermənilər çox göyük səs-küy qaldıraraq Ollandı seçki öncəsi verdiyi vədlərə əməl etməməkdə suçlamaqdan belə çəkinmədilər.
Hazırda Fransa parlamentinin yenidən bu məsələyə qayıtması isə zamanlama baxımından xeyli maraqlı görsənir. Məlumdur ki, cəmi bir ay bundan öncə iyunun 2-də Almanıya Bundestaqı 1915-ci ildə Osmanlı İmperiyasında guya ermənilərin genosidə məruz qalması barədə qalmaqallı sənəd qəbul etdi. İyunun 20-də isə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda Qarabağ nizamlanması üzrə görüşü keçirildi. Həmin görüşün ardından Fransa prezidenti Fransua Olland analoji təşəbbüslə çıxış edərək prezidentlər arasında növbəti görüşün təşkilinə hazır olduğunu bildirdi. Belə bir zamanda bu ölkənin parlamentində erməni lobbisinin və onların ilhamverənlərinin yenidən həmin sənədi parlamentin gündəminə daşıması xeyli maraqlı görünməklə, həm də Ollandın təşəbbüskarlığının xoşməramlı olduğuna dair şübhələri bir qədər də möhkəmləndirir.
Amma bununla belə, görüş baş tutarsa, onun nəticələrinin nə olacağı indi daha çox maraq kəsb etməyə başlayır. Gözləyək...
Samirə