İraq Respublikasının Prezidenti Fuad Məsum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Prezident Fuad Məsum İraq ərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidənin UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş edib.
Qeyd olunub ki, İraq dövləti yeddi ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.