Prezident İlham Əliyevin iyunun 28-də özünün tvitter səhifəsində atdığı tvit Ermənistanın "kürkünə birə salıb”.
Baki-xeber.com-un xəbərinə görə, Prezident tvitter səhifəsində yazıb:”Apreldə baş verənlər həm Ermənistan, həm də münaqişənin həllinə cəlb edilən bütün tərəflər üçün ciddi siqnal olmalıdır”. Bunun nəticəsi olaraq isə erməni tərəfi həyəcan qaldırıb. Bildirilir ki, guya rəsmi Bakı bununla İrəvanı "yeni bir aprellə” təhdid edir. Ermənistanın lragir.am saytında yer alan "Əliyev kimi təhdid edir” başlıqlı yazıda eyni zamanda bir sıra suallar qoyulur ki, müəllifin elə bu sualların içində çaşıb qaldığı aydın görsənir. O, gah bunu ATƏT sədri Frank Valter Ştaynmayerin öncə İrəvana, ardınca Bakıya edəcəyi səfər öncəsi ona verilən mesaj adlandırır, gah onun Qarabağa getməyə cəsarət (?) etməməsi üçün atılan addım sayır, gah da iyulun 4-də İrəvana gələcək Rusiya XİN başçısı Sergey Lavrova Bakının "barmaq silkələməsi” kimi təqdim edir. Müəllif ona da diqqət çəkir ki, İlham Əliyevin "tvit hədəsi” Rusiya ilə Türkiyənin barışıq elan etdiyi gündə səslənib.
Əcəba, bu əl-ayağa düşmənin nədəni elə Azərbaycana dost iki ölkənin bir araya gəlməsi olmasın?
Samirə