Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cumhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğana ötən gecə İstanbulun Atatürk Hava Limanında törədilən və böyük sayda insane itkisinə səbəb olan terrorla bağlı başsağlığı məktubu ünvanlayıb.
Baki-xeber.com-un Rpezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbərinə görə, məktubda deyilir:
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident, Əziz Qardaşım,
İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyun 2016-cı il.