Dünən İstanbul növbəti dəfə terror şoku yaşadı. Son zamanlar ard-arda neçə belə qanlı hadisəyə meydan olan Türkiyənin budəfəki şokunun isə ən azı zamanlama baxımından özündən əvvəlkilərdən fərqləndiyi ortadadır.
Başlayaq ondan ki, 28 iyun həm də "İslam xilafətinin” elan olunduğu gün sayılır. Yəni törədilən qanlı olay bu terror qruplaşmasının özünəməxsus "ildönüm sürprizi” də ola bilər.
Ekspertlər həm də ona diqqət çəkir ki, bu günlərdə Türkiyə ilə "Mavi Mərmərə” olayından sonra aralarında soyuqluq yaşanan İsrail arasında münasibətlərin yoluna qoyulması istiqamətində önəmli addım atılıb. Eyni sözləri Türkiyə-Rusiya münasibətləri haqqında da demək olar. Belə ki, ötən ilin noyabrında Suriya ilə sərhədində Türkiyənin Rus hərbi təyyarəsini vurması ilə bu iki ölkə arasında əlaqələr, demək olar ki, sıfır həddinə enmişdi.O zamandan bəri Rusiyanın üzr və kompensasiya tələbləri qarşılığında Türkiyə haqlı olduğunu, sərhədi bir daha pozularsa yenə eyni addımı atacağını bildirirdi. Yaşadığımız bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin barışdırıcı missiyası ilə Ərdoğan və Putin arasında "buzların əhəmiyyətli hissəsi əridi”. Eyni zamanda dünən iki ölkə liderinin bu günə telefon danışığı da planlaşdırılmışdı. Belə bir dönəmdə İstanbulun mərkəzində böyük insan itkisinə yol açmış terrorun törədilməsi ortaya məhz bu ölkələrarası əlaqələrin bərpasında maraqlı olmayan güclərlə bağlı hələlik cavabı mübahisəli olan bir sıra suallar çıxarır.
Konkret terror hadisəsinə gəldikdə isə, onun törədilməsində "Kaıaşnikov” avtomatlarından istifadə olunması öncə nəzərləri PKK terror təşkilatının üzərinə çəkib. Lakin sonradan araşdırmaçılar, məlun "dəsti-xətti” nəzərə alaraq, İŞİD faktoru üzərində dayanmalı olub. "Xilafətin ildönümü” versiyasının bir qədər də gücləndirdiyi bu fikri daha sonra, Türkiyənin "Hürriyet” qəzetinə əsasən, Baş nazir Binəli Yıldırım da təsdiqləyib.
Hadisə ətrafında daha bir diqqət yetirilən nüans isə, yenə də "Hürriyet”in xəbər verdiyi kimi, Cumhurbaşqanı Ərdoğanın yüksək dövlət məmurlarını Ankaraya iftar süfrəsinə dəvət etməsidir. Belə görünür, "xilafət”in ildönümündən daha çox, terror təşkilatı əlverişli şəraitin yaranmasından maksimum istifadə etməkdə maraqlı olub.
Samirə SƏFƏROVA