Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduğuna görə təzminat ödəməyə hazırdır. Baki-xeber.com-un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
"Məktubda biz öz təəssüfümüzü bildirdik və lazım gələrsə təzminat ödəməyə hazırıq dedik. Normallaşma prosesi faktiki olaraq başladı", - deyən Binəli Yıldırım "6 ayda yaşananlar yaşanmamış kimi yolumuza davam edəcəyik”- deyə bildirib. Baş nazir onu da deyib ki, həftənin üçüncü, ya dördüncü günü Ərdoğanla Putin arasında telefon danışığı olacaq.
Prezident Administrasiyasından isə Türkiyənin yalnız vurulmuş Su-24 təyyarəsi ilə əlaqədar təəssüfləndiyini bildirdiyi barədə açıqlama verilib.
Qeyd edək ki, ötən il noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhədə Rusiyanın "Su-24" qırıcısını vurduqdan sonra Rusiya və Türkiyə arasında münasibətlər gərginləşib. Türkiyə tərəfi bunu hava məkanının pozulduğuna görə etdiyini bəyan etsə də, Rusiya həmin iddiaları rədd edərək hadisəni "arxadan vurulan zərbə" adlandırıb.