Bu gün Milli Məclisdə spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaşanıb. Trend-in məlumatına görə, Azərbaycanda "Tax Free” sisteminin tətbiq edilməsi ilə bağlı Vergilər Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı Z.Oruc Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsini vurğulayaraq, Aİ-nın dağılması ərəfəsində "Tax Free" sisteminin tətbiqində ehtiyatlı olmağın vacibliyini qeyd edib.
O.Əsədov isə bu məsələnin Aİ ilə əlaqələndirilməsini düzgün hesab etməyərək Z.Oruca irad tutub. O bildirib ki, "Tax Free" sistemi təkcə Aİ ölkələrində deyil, dünyanın 130 ölkəsində tətbiq olunur.
Spiker əlavə edib ki, Azərbaycanın bu sistemi tətbiq etməsinin Aİ ilə heç bir əlaqəsi yoxdur.
Z.Oruc isə O.Əsədovun ona irad tutmasına etiraz edib və bu dəyişikliyin əlayhinə səs verəcəyini bildirib.
O.Əsədov Z.Oruca özünü aparmağı bacarmadığını deyib və deputatı İntizam komissiyasına dəvət edərək onunla söhbət aparılmasını tapşırıb.
"Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir”. APA-nın məlumatına görə, bunu isə Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.
A. Abıyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib: "Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”.
A. Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb: "Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.