Qaqauziya başqanı İrina Vlax Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Baki-xeber.com-un İA Regnum-a istinadən xəbərinə görə, bu barədə İrina Vlax özünün şəxsi saytında məlumat verib.
Xəbərdə o da bildirilir ki, başqanlığın saytında isə bu barədə xəbər verilməyib, İrina Vlaxın yalnız Türkiyə Baş naziri, XİN başçısı və TİKA rəhbərliyilə görüşdüyü bildirilib. Qaqauz başqanının bildirdiyinə görə, "Qaqauziyaya xüsusi hüquqi statusun veriməsindən sonra Ankara iqtisadi, sosial və təhsil sahəsində buraya ciddi dəstək verib, TİKA isə Ərdoğanın adını daşıyan təhsil kompleksinin tikintisilə bağlı layihəni reallaşdırmağa hazırlaşır”.
Vlaxın sözlərinə görə, bir sıra digər layihələrin də reallaşdırılması nəzərdə tutulur ki, bu sahədə də Ankaranın köməyinə güvənilir.
Qeyd edək ki, Rusiya saytı bu xəbəri "gizli qardaşlıq” başlığı altında yayıb.