Rusiya prezidenti Vladımır Putinin təşəbbüsü ilə bu günlərdə Azərbaycan və Ermənistan prezidentləri arasında üçtərəfli görüşün keçirilməsi nəzərləri Sankt-Peterburqa yönəltsə də, görüş zamanı hansı məsələlərin müzakirəyə çıxarıldığı və hansı ortaq nəticələrə gəlindiyi barədə müfəssəl açıqlama verilməməsi politoloqlar səviyyəsində bir sıra ehtimalların ortaya çıxmasına rəvac verib.
Belə politoloqlardan biri də Rusiyanın "Şimal-Cənub” siyasi mərkəzinin aparıcı eksperti Aleksandr Karavayevdir. Karavayevin fikrincə, Putin prezidentləri görüşə çağırıbsa, deməli mütləq konstruktiv təklifi olub, əks halda, ekspertin fikrincə, prezidentlərlə ayrı-ayrılıqda telefonla da danışa bilərdi. Ekspert xatırladır ki, Vyana görüşündə əldə olunan razılaşmaya görə, görüşdən dərhal sonra ATƏT-in Minsk Qrupunun qərargahında xüsusi texnika quraşdırılmalı, bununla da təmas xəttində vəziyyətin onlayn qiymətləndirilməsi həyata keçirilməli idi. "Lakin bu baş vermədi”- deyən Karavayev bunun səbəbini maliyyə çatışmazlığı ilə bağlayır və qeyd edir ki, bunun əvəzində təmas xəttində yalnız zabitlərin sayı artırıldı.
Peterburq görüşünə diqqət çəkən ekspertin fikrincə, Bakının ümumən danışıqlardan razı qalması çox ehtiyatlı bir nəticə çıxarmağa əsas verir ki, çözüm prosesi Moskva ilə İrəvan arasında pərdəarxası razılaşma və bazarlıq üzrə gedir. Bununla da Azərbaycan ərazilərinin müharibə ilə deyil, Rusiyanın çabalarından asılı olaraq işğaldan azad edilə biləcəyi barədə fon yaradılır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın hazırda aparıcı rolunu heç kəs danmır və Vaşinqtonun indiki halda bu məsələdə təşəbbüslə çıxış etməsi gözlənilən deyil. Ekspert deyir ki, bu məsələdə Moskvanın iştirakı 70, digər ölkələrinki isə 30 faizdir və Rusiyanı bu 70 faizdən heç kəs uzaqlaşdıra bilməz.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev görüş öncəsi Azərbaycanın danışıqların uzadılmasına imkan verməyəcəyini bildirmiş, "kimsə düşünürsə ki, danışıqları daha 20 il uzada biləcək, səhv edir” sözlərilə mövqeyini ortaya qoymuşdu.
Baki-xeber.com