Sankt-Peterburqda bir araya gələn Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiq olduqlarını bildiriblər.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
ATƏT müşahidəçilərin sayının artırılması barədə razılığa gəlindiyini deyən Lavrov, prezidentlərin münaqişənin həlli prosesini sürətləndirməklə bağlı da razılaşdıqlarını bildirib: "Danışıqlar prosesinin aktivləşdirilməsi üzrə konkret addımları qeyd etdik. Prezidentlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiqliyin qeyd olunduğu, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin artırılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində davamlı irəliləyiş üçün şəraitin yaradılmasına sadiqliyi nəzərdə tutan üçtərəfli bəyanatı razılaşdırdılar".
Lavrov dövlət başçılarının müşayiətsiz və köməkçisiz görüşdüyünü də deyib. "...Dövlət başçılarının görüşündə onları müşayiət edən şəxslər və köməkçilər iştirak etməyiblər”.