Rusiya HKQ son sutka ərzində Palmiraya 40 uçuş həyata keçirib. Bu hücumlar zamanı terrorçuların 158 obyektinə dağıdıcı zərbə endirilib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir.
Xəbərdə bildirilir ki, həmin hücumlar nəticəsində 100 terrorçu məhv edilib, 4 tank, 3 artilleriya qurğusu sıradan çıxarılıb, 4 sursat anbarı və 5 avtomobil sıradan çıxarılıb.
Qeyd edək ki, artıq üçüncü gündür, Palmirada qızğın döyüşlər gedir. Suriya ordusi və "Səhra şahinləri” könüllü birləşməsi şəhər ərazisindəki strateji yüksəkliyi İŞİD-in əlindən ala bilib. Hazırda hökumət ordusunun aerodrom istiqamətində irəlilədiyi xəbər verilir. Terrorçuların ciddi müqavimət göstərdiyi, minaatanlardan atəş açdığı da gələn xəbərlər sırasındadır.
Palmira strateji önəm daşıyan bir ərazidə yerləşir və ordu bu strateji ərazini geri alarsa, terrorçuların özlərinə paytaxt seçdiyi Rakka şəhərinə də hücuma keçə bilər.
Xatırladaq ki, İŞİD Palmiranı ötən ilin mayında ələ keçirib. Suriya ordusu şəhəri tərk edərkən əhalini evakuasiya edə bilsə də, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olmuş antik şəhərdəki önəmli tarixi tikililər ciddi təhlükə altında qalıb.