Almaniya Bundestaqının deputatı Ketrin Kunert ölkəsinin, ATƏT-də sədrlik dövründən istifadə edərək, Qarabağ çözümünə töhfə verməli olduğunu deyib.
Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, Almaniya – Cənubi Qafqaz parlament qrupunun sədr müavini olan xanım Kunert parlamentin "Sollar” fraksiyasının sorğusuna hökumətin mövqeyini şərh edərkən belə deyib. "Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı situasiya son zamanlar xeyli gərginləşib. İstər Ermənistan – Azərbaycan sərhədində, istərsə də qoşunların təmas xəttində atəşkəs pozuntusu halları əhəmiyyətli dərəcədə artıb. Almaniya hökumətinin aldığı informasiyaya görə, tərəflər tez-tez ağır texnikadan istifadə etməklə yaxınlıqdakı yaşayış məntəqələrinə təhlükə yaradırlar. İki ölkə arasında müharibə təhlükəsi getdikcə artır”- deyən xanım Kunert əmin olduğunu bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Lakin Bundestaq üzvü bildirir ki, bunun üçün qarşılıqlı təhlükəsizlik təminatı olmalıdır. "Ermənistan təcili şəkildə öz işğalçı mahiyyətindən əl çəkərək Dağlıq Qarabağ ətrafından qoşunlarını geri çəkməli, 760 min nəfərə yaxın azərbaycanlı məcburi köçkün yurd-yuvasına dönməlidir. Yalnız bundan sonra bölgədə müharibə təhlükəsinin azaldılmasına və demokratik referendum yolu ilə Dağlıq Qarabağın statusunun müəyyən olunmasına nail olmaq olar” – deputat bildirib. Xanım deputat onu da deyib ki, "Dağlıq Qarabağ”ın diplomatik tanınması, şübhəsiz, beynəlxalq hüquqa ziddir və sülh prosesinə ən böyük əngəldir. "O üzdən Almaniya hökuməti bu addımı qətiyyətlə rədd edir” – deputat bildirib.