Mart ayının 19-u tarixində "Avesta Konserni" MMC ilə Küveytli investorlar arasında "Xəzər Adaları Yeni Şəhər Kompleksi"nin tikintisi və satışı üzrə uzunmüddətli danışıqların nəticəsi olaraq növbəti yekun razılaşma imzalanıb.
"Avesta Konsern”-in mətbuat xidmətindən baki-xeber.com-a verilən xəbərə görə, razılaşmanın şərtlərinə əsasən, Küveyt tərəfi ("Kuwait Azeri Trading Est." şirkəti) "Xəzər Adaları” Kompleksində yerləşən 2 adada binaların və digər tikinti obyektlərinin inşasını və qlobal satışını həyata keçirəcək. Bundan əlavə, Küveyt tərəfi Xəzər Adalarında mövcud xidmət obyektlərini, o cümlədən mehmanxana və restoranlar üzrə tamamlama işlərini həyata keçirəcək və ən qısa müddətdə istifadəyə verəcək, həmçinin regionun ən iri istirahət-əyləncə şəhərciyinin inşaasını təmin edəcək.
Razılaşmadan və Küveytli investorlarla əməkdaşlıqdan məmnun qaldığını vurğulayan "Avesta Konserni" MMC-nin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli, ümumulikdə layihə üzrə gözləntilərinin reallaşmağa başladığını və bu razılaşmanın "Xəzər Adaları” üçün yeni nəfəs olacağını qeyd etdi: "Sirr deyil ki, biz uzun müddətdir xarici investorlarla danışıqlar aparırdıq, artıq görülmüş işlər öz nəticəsini verməkdədir. Bugünkü razılaşmaya optimist baxırıq və qısa müddətdə nəticəsini hiss edəcəyimizə ümidliyik. İnşaat işləri plan üzrə icra olunacaq və bu ölkəmizə ciddi kapital və turist axını deməkdir, həmçinin minlərlə yeni iş yerlərinin açılmasına imkan yaradacaqdır. Küveytli tərəfdaşlarımızla sıx çalışacağıq. Bununla yanaşı, daha öncə mediyaya məlumat verdiyim kimi, Çinli investorlarla da danışıqlarımız davam edir və aprel ayında onların da Bakıya səfərinə hazırlaşırıq."
Küveyt tərəfindən razılaşmanı imzlayan "Kuwait Azeri Trading Est." şirkətinin rəhbəri Raed Rajab hazırki situasiyada layihəyə böyük maraq olduğunu və Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrdən mənzil almaq istəyən potensial alıcıların bolluğunu vurğulayıb. Onun sözlərinə görə, mənzillər lyuks sinifə aid olsa da, satış şərtləri o qədər sərfləli olacaq ki, bütün siniflər üçün əlçatan olacaq. Cənab Rajab, həmçinin, Adalarda xidmət obyektlərinin də qısa müddətdə istifadəyə verilməsinin gərəkdiyini deyib: "Hazırda tikintisi yekunlaşmış 2 mehmanxana və 6 restoran, həmçinin hovuz kompleksinin tam istifadəyə verilməsi, həmçinin ən yüksək beynəlxalq standartlarla regionun ən iri istirahət-əyləncə şəhərciyinin inşaasını həyata keçirəcəyik. Məqsədimiz Adalarda aktiv istirahət ortamının yaradılmasını və mənzillərin daha cəlbedici olmasını təmin etməkdir. Xüsusilə vurgulamalıyam ki, Körfəz ölkələrinin vətəndaşları üçün viza rejimini bu yaxınlarda Azərbaycan hökuməti tərəfindən sadələşdirməsi planlaşdırdığımız əməkdaşlığı daha da uğurlu edəcəkdir."