Bu gün səhər saatlarında Rostovda təyyarə qəzası baş verib. Baki-xeber.com RBK_ya istinadən xəbər verir ki, təyyarədəki sərnişin və ekipaj üzvlərinin hamısı həlak olub.
Dubaydan Rostova gələn Boeing 737-800-nin küləkli hava şəraiti üzündən eniş edə bilmədiyi deyilir. Flydubai kompaniyasına məxsus təyyarənin yerli vaxtla saat 3:40-da eniş etməli olduğunu yazan mənbə külək üzündən enişin uğursuz olduğu və təyyarənin qəfil yerə dəyərək parçalandığını bildirir.
Digər versiyada təyyarənin ilk cəhddən eniş edə bilmədikdən sonra 2 saat havada dövrə vurduğu, ikinci cəhdin isə faciə ilə nəticələndiyi bildirilir. Təyyarədə 55 sərnişin və 7 ekipaj üzvü olub ki, onlardan 4-nün azyaşlı olduğu xəbər verilir. Sərnişinlər arasında deputat İqor Pakus və həyat yoldaşı İrinanın da olduğu xəbər verilir.
Qeyd edək ki, həlak olanların siyahısı artıq açıqlanıb.
Faktla bağlı cinayət işi qaldırılıb. Sabah Rusiyada matəm elan olunacağı gözlənir.