Amerika Birləşmiş Ştatları çoxlu sayda məhkumun azad edilməsi istiqamətində Azərbaycan hökumətinin müsbət addımını alqışlayır. Bu barədə ABŞ dövlət katibi Con Kerrinin Dövlət Departamentinin rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir.
Dövlət katibi həmçinin deyib ki, əlavə müsbət nəticələrə nail olmaq üçün ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirməyə ümid edir.
Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi, rumıniyalı deputat, xanım Norika Nikolae də Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə 148 nəfərin həbsdən azad olunmasını sevinclə qarşılayıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, N. Nikolae AP-də üzvü olduğu Avropa naminə Liberal Demokratların Alyansı (ALDE) qrupu adından yaydığı bəyanatda bu addımı Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin müsbət istiqamətdə inkişafı kimi dəyərləndirib:
"Azad edilmiş insanların 13-ü siyasi məhbus hesab olunurdu. Bununla belə, jurnalist Xədicə İsmayılova, insan hüquqları üzrə vəkil İntiqam Əliyev və müxalif siyasətçi İlqar Məmmədov hələ də həbsdə qalmaqdadır. Azərbaycandakı vəziyyətin müsbət istiqamətdə inkişaf etməsinə çox şadam. Uzun sürən mürəkkəb münasibətlərdən sonra biz görürük ki, Azərbaycan insan hüquqlarının qorunmasına xidmət edən qətiyyətli addım atır. Azərbaycan prezidentinin əfv sərəncamı ilə Taleh Xasməmmədov, Rəsul Cəfərov, müxalif siyasətçi Nemət Pənahlı, NİDA təşkilatının üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Məmməd Əzizov, Ömər Məmmədov, Avropa Şurasının Vatslav Havel mükafatının qalibi Anar Məmmədli, Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov, Sirac Kərimov, eləcə də jurnalistlər Pərviz Həşimov və Hilal Məmmədov artıq azadlıqdadırlar. Ümid edirəm ki, bundan sonra digər məhbuslar da azadlığa buraxılacaq. Bu, çox əhəmiyyətli və görünməmiş bir mərhələ oldu. Avropa İttifaqı və Avropa Parlamenti bu addımı nəzərə almalıdır və Azərbaycan Respublikası ilə əməkdaşlığımızın yaxşılaşdırılması üçün bu əlverişli məqamdan daha yaxşı istifadə etməlidirlər. Bizim ALDE qrupumuz Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində çox işlər görüb və yuxarıda qeyd olunmuş adlar bizim ölkə üzrə qəbul etdiyimiz əvvəlki hesabatlarımızda əks olunmuşdu. Bu gün biz apardığımız işlərin bəhrəsini görməkdəyik”.
Qeud edək ki, martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.
Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.