Donald Trampın prezidentliyi cihadçıların artan nüfuzundan az təhlükəli deyil. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu fikirlər "Economist Intelligence Unit” (EIU)-in məruzəsində yer alıb.
Xəbərə görə, martın 17-si dərc olunan məruzədə Trampın prezidentliyinin daşıdığı mümkün risqlər sadalanır. Araşdırmaçıların fikrincə, Trampın Yaxın Şərqə münasibətdə militarist mövqe tutması özü-özlüyündə cihad təhlükəsinin artmasına zəmin yaradır. Hesabatda deyilir ki, Trampın Yaxın Şərqə aqressiv münasibəti və müsəlmanların ABŞ-a gəlişinə qadağa qoymaq istəyi cihadçıların sıralarının genişlənməsi üçün ciddi arqument sayılmalıdır. Eyni zamanda Trampın azad ticarətə düşmən münasibəti də qlobal problem sayıla bilər. O üzdən güman olunur ki, prezidentliyə şanslı namizədin azad ticarətə düşmən münasibəti, üstəlik Meksika və Çinə bəslədiyi ögey münasibət çox tezliklə ticari müharibəyə səbəb ola bilər.
Qeyd edək ki, təşkilatın reytinqində Trampın prezidentliyinin gətirəcəyi risq 25 ballıq şkalada 12 balla qiymətləndirilib.