Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Kızılay bölgəsində törədilən terror aktından sonra Ərdoğanın Azərbaycana gözlənilən səfəri təxirə salınıb.
Məlumata görə, terror aktından sonra Türkiyə ilə həmrəylik çərçivəsində Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da Ankarada keçiriləcək. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısının Ankarada keçirilmə təklifinin Azərbaycan Prezidenti İlham Əliyevdən gəldiyi qeyd edilir.
Ərdoğan da, terrorla mübarizədə Türkiyə ilə həmrəylik çərçivəsində irəli sürülən bu təklifi qəbul edərək, bu jestə görə İlham Əliyevə təşəkkürlərini çatdırıb.
Onu da qeyd edək ki, Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsinə görə təxirə salınmışdı. Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.