Dünən Ankarada baş verən qanlı terror aktı, çoxsaylı insan tələfatı və yaralısının olduğu bir vaxtda hamını bir sual düşündürür: nə baş verir və Türkiyə nə üçün terrorun hədəfinə çevrilib?
Bir çoxları bunu PKK və ona bağlı qruplara, bəziləri Türkiyəyə nifrət bəsləyən Əsədə, bir çoxları isə məhz vurulan rus SU-24 qırıcısının qisasını almağa söz vermiş Rusiya prezidenti Putinə bağlayır. Burada bəlkədə təsadüf kimi görünəcək bir iddia da səslənməkdədir. Məhz Ərdoğanın Bakıya nəzərdə tutulan səfəri. 17 fevral 2016 cı il tarixli planlaşdırılan səfər öncəsi baş verən terror aktı bu səfərin təxirə salınmasına səbəb oldu. 15 mart 2016-cı il tarixinə nəzərdə tutulan səfər öncəsi yenə eyni ssenarinin oynanması əsaslı şübhələrə yol açmaqdadır.
İndi bu terrorun törədilməsində mümkün ehtimallar üzrə ittiham olunan tərəflərin vəziyyətinə nəzər salaq.
1.PKK və ona bağlı terror qrupları.
Suriyada əldə olunan kövrək atəşkəs indi ən çox bu terror qruplaşmasına sərf edir. Yəni nisbi sayıla bilən bu atəşkəsdə itirilmiş qüvvələrini yardımçı ölkələrin hesabına möhkəmlətməyə müəyyən şərait yaranıb. Belə bir vəziyyətdə Türkiyəni qıcıqlandıraraq onsuz da türk təhlükəsizlik qüvvələri tərəfindən zəiflədilmiş qüvvələrini hədəfə çevirməz.
2. Əsəd əldə olunmuş atəşkəs zamanı öz qüvvələrini bərpa etməklə məşğuldur və ona da Türkiyə ilə aktiv münaqişə gərək deyil. Eyni zamanda, Türkiyə Əsəddən qaçan insanlara qucaq açmaqla bir növ Əsədin ölkə daxilində aktiv müxalifətinə və etirazçıların ölkədən çıxması üçün real ölkə rolunu oynayır. Onsuz da ölkədaxili mübarizədə məhv olmuş infrastruktiru təkrar Türkiyə üçün hədəfə çevirmək Əsəd üçün arzuolunan deyil.
3. Rusiya və Putin məlum təyyarə insidentindən sonra onsuz da iqtisadi bataqlığa düşən Rusiyanın vəziyyəti Türkiyə ilə münasibətlərin pisləşməsindən dolayı daha da dalana dirənmiş durumdadır. Nə qədər ritorik bəyanatlar səslənmiş olsa belə, bu iki ölkə arasında mümkün yaxınlaşmaların işartıları görünməkdədir. Məhz münasibətlərin kritik olduğu bir dönəmdə ittihamların Rusiyaya yönələcəyi ehtimalının yüksək olduğunu nəzərə alsaq, bu faktor da kənara qoyulur.
Deməli, burada bir incə məqam qeyd olunmalıdır: kimlərsə Türkiyəni münaqişəyə çəkmək və bu yolla zəiflətməkdə maraqlıdır. Nəzərə alsaq ki, Türkiyəni bu münaqişəyə cəlb etmək yuxarıda sadaladığımız ünsürlərin heç birinə sərf etmir, onda məsələ az da olsa aydınlığa qovuşur.
Bəs Azərbaycana səfər öncəsi niyə?
Ərdoğanın Bakı səfərindən Azərbaycanın öz gözləntiləri var. Həm iqtisadi , həm də hərbi əməkdaşlığa dair. Bu səfərdən, nə qədər qəribə görünsə belə, hətta Rusiyanın da müsbət gözləntiləri var. Çunki Azərbaycan rəhbərliyi Türkiyə-Rusiya münasibətlərinin istiləşməsində xüsusən maraqlıdır və bu ideya hər iki tərəfin marağındadır.
Deməli yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, bu qanlı terraktlar ən çox Türkiyə-Rusiya münasibətlərinin istiləşməsini istəməyən qüvvələrin, Azərbaycan-Türkiyə strateji əməkdaşlıqdan da irəli gedən möhkəm dostluq və qardaşlığından ehtiyat edən və qorxan tərəfin və ya tərəflərin marağına xidmət edir. Hər halda, zaman bütün bu gizlinlərin aydınlığa qovuşmasına işıq salacaq.
Nahid Salayev