Ötən ay Ukrayna prezidenti postundan uzaqlaşdırılmış Viktor Yanukoviç martın 28-də xalqa yazılı müraciət edib. Yanikoviç Ukraynanın hər bir regionunda statusla bağlı referendum keçirməyə çağırıb: "Fikri və qəlbi ilə sizinlə olan prezident kimi hər bir sağlam düşüncəli Ukrayna vətəndaşına müraciət edirəm: hakimiyyəti qəsb edənlərin sizdən istifadə etməsinə imkan verməyin! Ukrayna tərkibində hər regionun statusunun təyin edilməsi ilə bağlı referendum keçirməyi tələb edin.
Növbədənkənar prezident seçkisi yox, yalnız ümumukrayna referendumu ölkədə siyasi vəziyyəti əhəmiyyətli dərəcədə stabilləşdirə, Ukraynanın suverenliyini və bütövlüyünü qoruya bilər. Qanunvericiliyə qeyri-konstitusion dəyişikliklər şəffaf seçkiyə imkan vermir”.
Yanukoviç Regionlar Partiyasının qurultayına da müraciət edərək sədr səlahiyyətlərinin ondan alınmasını və partiyadan çıxarılmasını xahiş edib.