19/11/2018 16:11
728 x 90

İyirmi Yanvar- qəhrəmanlıq, sınaq günü... - FOTO

Qanlı Yanvarın 25 ili tamam oldu

img

İyirmi yanvar günü

Millətimin dar günü

Xalqımızın başına

Açılan oyunların

Yenidən təkrar günü...

İyirmi yanvar tarixdə yalnız Azərbaycan xalqının faciəsi kimi qalmayıb, mərd bir xalqın tarix qarşısında növbəti sınaq günü olaraq da yaşmaqdadır. 25 il əvvəl paytaxt Bakıda yüzlərlə insanın qanına qəltan edildiyi bu müdhiş gün unudulmazdır. Həmin gün xalqımızın yaddaşı qanadı, o qan selinə ana-bacıların, qız-gəlinlərin göz yaşları da hopdu. Bakı başdan-ayağa qana boyandı, şəhid oldu Bakı... Şəhid oldu ki, özünə qayıdıb yenidən dogulsun. Bu dəfə qəhrəman kimi. Bakı şəhid köynəyini cırıb onun içindən qəhrəman kimi yenidən doguldu. 25 il bundan əvvəl Sovet qoşun hissələrinin Bakıda törətdiyi amansız qırğının ağrı-acısı xalqımızın taleyində dərin izlər buraxıb. Dərdini-qəmini, ah-naləsini qərənfillərə büküb şəhid məzarlarına düzən analar qisas istəyir Tanrıdan. İnanırlar ki, qisas qiyamətə qalmaz. Qalmayacaq da...

20 Yanvar Ümumxalq Hüzn Günü ölkəmizin hər yerində qeyd edilir, şəhidlərimizin xatirəsi anılır, ruhlarına dualar oxunur. Bu gün Azərbaycan xalqı ellikcə şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirir. Onu da qeyd edək ki, 20 yanvar tarixində saat 12-də şəhidlərimizin ruhu, unudulmaz xatirəsi ölkə miqyasında 1 dəqiqəlik sükutla anıldı və gəmilər və qatarlar fit verdi. Vətən şəhidləri naminə hər kəs bir oldu bu gün. Könülləri birləşdirdi şəhid ruhları.

Şəhidlərin xatirəsinə Azərbaycan Metropoliteni də öz töhfəsini verdi. Bütün stansiyalar qərənfillə süslənmişdi. 1985-ci ildə açılışı olan və Azərbaycan müstəqillik əldə edən dövrə qədər "XI Qızıl Ordu” Stansiyası adlandırılan indiki 20 Yanvar metrostansiyası isə başdan-başa güllə bəzədilmişdi. Stansiyanın platformasında şəhidlərin həlak olduqları tarix güllə yazılmışdı. Çiçəklərin düzüldüyü istiqamətlər boyu metropoliten əməkdaşları fəxri qarovulda dayanmışdılar. Güldən hörülən ekspozisiya şəhidlərin ruhuna böyük ehtiramın nümunəsidir. Bu xalqımızın öz şəhidlərinə bəslədiyi sonsuz sevginin təzahürü idi.

Bu gün 20 Yanvar Metrosu atrafında yerləşən 20 Yanvar Şəhidlərinin Xatirə kompleksi də vətəndaşların ziyarət yeridir. Şəhidlərimizin əzəmətinin, qorxmazlığının, cəsurlugunun, vətənpərvərliyinin obrazı olan bu abidə gül-çiçəyə qərq olub. Bu çiçəklərin boynu bükük, gözləri yaşlıdır, gül-çiçək ağlayır mərd qardaş-bacıların matəm günündə. 25 il əvvəl qərənfillər bəlkə də ilk dəfə öz içində hönkürüb ağladı. İlk dəfə gözünü sıxıb, ürəyini tutdu al qərənfillər.

Deyirlər ki, 20 Yanvar günü vətən övladları şəhidlik mərtəbəsinə yüksəlməsəydilər heç qərənfil də kədərə, ağrı-acıya tac olmazdı. 25 il əvvələ qədər sevgililərin əllərini bəzəyən qərənfillər 1990-cı ildən bəri şəhidlərin məzar daşını bəzəyir.

Yeri gəlmişkən, 20 yanvar günü Bakıda qərənfilin qiymətində süni artım olduğunu da deyirlər. Eşitdiyimizə görə, bəzi yerlərdə qərənfilin bir ədədinin qiyməti 1 manat olub. Amma biz özümüz "Elmlər Akademiyası” Metrosunun qarşısında qərənfilin bir ədədinin əlli (50) qəpiyə satıldığının şahidi olduq. Qərənfili 1 manata satan şəxslər nə tez unutdu bu dərdi. Hamımızın yaxşı yadındadır, vaxt vardı ki, qərənfil satışı ilə məşğul olanlar 20 yanvar günündə qərənfili pulsuz paylayırdı. Amma indi bəziləri qərənfili 1 manta satır, bilir ki, camaat şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq qərənfil alacaq...

Böyük şairimiz Məmməd Aslan "Ağla, qərənfil ağla” şeiri ilə şəhidlərimizə ağı deyib. Şəhidlərimizin ruhu şad olsun. Onlar imperiya zəncirlərini qırdılar şəhidlikləri ilə. İndi Azərbaycan müstəqildir. Şəhidlərimizin ruhu şaddır...


Göylər yaman qarışıq,
Ağla, qərənfil, ağla!
Sis gəlir qan-qarışıq,
Ağla, Qərənfil, ağla!


Bu gecə - cəllad gecə,
Bu gecə - zülmət gecə,
Bu gecə - zillət gecə,
Ağla, Qərənfil, ağla!


Doxsan - bizə nəs ildi:
Haqq-e-ədalət nazildi.
Nəfəsimiz kəsildi,
Ağla, Qərənfil, ağla!

Gecə əriməz daha,
Çətin çıxaq səhərə ...
Bu fəryada, bu aha
Ağla, Qərənfil, ağla!

Xeyr
ə şər üstün gəldi,
İniltili ün gəldi ...
Ağlamalı gün gəldi:
Ağla, Qərənfil, ağla!
Ağla, qərənfil ağla!!!


Son xəbərlər