Elçin Namazov: “Göz allergiya reaksiyaları orqanizmə qida və ya dərman preparatları vasitəsilə daxil olan allergenlər tərəfindən də yaranır” Adil Qeybulla: “... məhsulların həddindən artıq qəbulu sonda allergik halların yaranmasına gətirə bilər”
Hazırda gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım qeydə alınır. Bunu media nümayəndələrinə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.
O qeyd edib ki, allergik xəstəliklərin sırasına allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasientlərdə gözlərin mövsümi zədələnməsi daxildir: “Allergik xəstəliklər arasında allergik konyunktivit rastgəlmə tezliyinə görə siyahıda birinci yerdə dayanır. Allergik konyunktivit gözün konyunktiva qişasının allergik iltihabi xəstəliyidir. Allergik konyunktivitə daha çox gənc yaşlı insanlarda rast gəlinir”.
Oftolmoloq Elçin Namazov bizimlə söhbətində bildirdi ki, gözlər anotomik və fizioloji xüsusiyyətləri baxımdan müxtəlif allergenlərə qarşı həssasdır. Allergenlərin böyük hissəsi havada olduğundan, onlar gözlərin səthi və burunla asanlıqla təmasa girir: “Bu cür allergenlərə toz, bitki tozcuqları, ev heyvanlarının tüklərini, havada uçan kimyəvi maddələri misal göstərmək olar. Göz allergiya reaksiyaları orqanizmə qida və ya dərman preparatları vasitəsilə daxil olan allergenlər tərəfindən də yaranır. Əksər hallarda allergik reaksiyalar maddələrin bilavasitə göz qapağı və ya gözün səthi ilə təmasından ortaya çıxır. Müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, virusun yayılma səbəbləri müxtəlifdir: "Ümumiyyətlə, 21-ci əsr virus əsri adlanır. Virusların aktivliyi, onların müxtəlif növlərinin çoxalması həmin virusdan olan xəstəliklərin xüsusi sayında artıma gətirir. Söhbət təkcə allergik viruslardan getmir. Hazırda insanlar bir çox viruslardan əziyyət çəkirlər. Bəzən müşahidə edirik ki, xəstənin vəziyyəti daha da pisləşir. Ancaq konkret diaqnozu tapılmır. Çox güman ki, bu cür vəziyyətlər hansısa virusun orqanizmdə törətdiyi fəsadlardır. Biz isə çox zaman onları tam identifikasiya etmək imkanından məhrumuq. Bu cür virusların fəallaşmasına, onların xəstəliklər törətməsinə xüsusilə havanın dəyişkən olması, bəzən insanların geyim formasını iqlim şəraitinə uyğun seçməməsi təsir edir. Amma, hər halda, virusların sayının artması gözlə yanaşı, bütün tibbi sahələrdə müşahidə edilir”.
Professorun sözlərinə görə, allergik proseslərlə virusların birbaşa əlaqəsi yoxdur: "İltihab prosesi mikrobun təsirindən toxumaların verdiyi reaksiyadır. Amma allergik vəziyyət orqanizmin yad cisimlərə verdiyi reaksiya ola bilər. Orqanizmdə hətta autoimmun və autoallergik proseslər də ola bilər. Bəzən orqanizm öz üzvünə qarşı mübarizə aparır. Həmin üzvü özü üçün yad cisim kimi görür. Yəni rabitələr pozulduqda orqanizmin özündə ciddi dəyişikliklər əmələ gələ bilər. Konservləşdirilmiş, GMO məhsullarının tərkibindəki qida əlavələrinin də allergik təsiri ola bilər. Həmin məhsulların həddindən artıq qəbulu sonda allergik halların yaranmasına gətirə bilər”.
Günel CƏLİLOVA