Şəmsəddin Əliyev: “Ölkə Prezidenti tərəfindən hərbi məhkəmələrə müəyyən səlahiyyətlərin verilməsi tamamilə doğru qərardır” Vamiq Şükürov: “Bu işlərə baxılması, əslində, kifayət qədər hərbi qanunvericiliyi bilməyi tələb edir”
Xəbər verildiyi kimi, hərbi məhkəmələrin səlahiyyətləri artırılıb. Belə ki, hərbi məhkəmələr bundan sonra bu sahəyə aid olan inzibati işlərə də baxacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb.
İndiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxıb. Dəyişikliyə əsasən, bundan sonra hərbi məhkəmələr inzibati xətalar haqqında işlərə də baxacaqlar.
Ümumilikdə, Azərbaycan Respublikasının hərbi məhkəmələri müharibə və hərbi xidmət əleyhinə olan, böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar. Bundan başqa, göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmələr tərəfindən baxılmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının hərbi məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxırlar. Qanunvericiliyə əsasən, hərbi məhkəmələr məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirirlər. Hərbi məhkəmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılırlar.
Bütün bu deyilənlərin fonunda, hərbi məhkəmələrə yeni səlahiyyətlərin verilməsinə ekspertlər necə baxırlar? Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev, prinsipcə, bu qərara müsbət prizmadan yanaşdı: “Məsələ ondadır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illərdir məhkəmələrdə, digər hüquq-mühafizə orqanları sistemində islahatlar davam edir. Hərbi məhkəmələrə əlavə səlahiyyətlərin verilməsi də sözügedən islahatların bir tərkib hissəsidir. Bu, sözün həqiqi mənasında, insan hüquqlarını özündə ehtiva edən islahatlardır. Eyni zamanda, sosial ədalətin bərpası və hüququn aliliyi prinsipinin qəbul olunması, ona əməl edilməsi bunun tərkib hissəsidir. Hər bir hüquq-müafizə orqanı işçisi, məhkəmə, prokurorluq işçiləri, digərləri öz fəaliyyətlərində hüququn prinsiplərinə, qanundan irəli gələn məsələlərə hər zaman ciddi əməl etməlidirlər. Hesab edirəm ki, bütün bunlar sözügedən orqanlarda çalışanların öz işlərinə ciddi yanaşmalarının nəticəsidir. Hesab edirəm ki, ölkə Prezidenti tərəfindən hərbi məhkəmələrə müəyyən səlahiyyətlərin verilməsi tamamilə doğru qərardır. Fikrimcə, hərbi xidmətdə çalışan işçilər bundan sonra öz işlərinə daha məsuliyyətli yanaşacaqlar. Qanuna edilən yenilik, bundan sonra kifayət qədər lakonik şəkildə, onların törətdiyi inzibati xətalar, cinayət xarakterli əməllərin hüquqi baxımdan ədalətli qiymətləndirilməsinə kömək edəcək. Hesab edirəm ki, bu, dövlətin daxili siyasətinin həyata keçirilməsinin bariz nümunəsidir. O baxımdan belə bir qərarın verilməsini dəstəkləyirəm. Düşünürəm ki, bu yaxşı effekt verəcək”.
Məsələyə münasibət bildirən vəkil Vamiq Şükürov buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycanda məhkəmələr iki növə bölünür. Ümumi məhkəmələr, bir də ixtisaslaşdırılmış məhkəmələr. Ümumi məhkəmələr, məlum olduğu kimi, adi rayon, şəhər məhkəmələridir. Sözügedən məhkəmələrdə daha çox ümumi işlərə baxılır. İxtisaslaşmış məhkəmələr isə konkret sahə üzrə olan hüquq pozuntuları üzrə işlərə baxırlar. Məsələn, inzibati-iqtisadi məhkəmələr adətən dövlət orqanları ilə vətəndaşlar arasında inzibati mübahisələrə, eyni zamanda sahibkarlar arasında iqtisadi mübahisələrə baxırlar. Hərbi məhkəmələr isə sırf hərbi qulluqçuların törətdikləri cinayət işlərinə baxırlar. İxtisaslaşmış məhkəmələrin yaradılmasında məqsəd odur ki, bu işlər daha çox spesifik biliklər tələb edir və bu sahə üzrə hakimlər ixtisaslaşır. Onlar bu sahəni yaxşı bilirlər. O üzdən, ixtisaslı hakimlər tərəfindən bu cür işlərə baxılması daha məqsədəuyğundur. Yəni daha ədalətli, obyektiv qərarların qəbuluna şərait yaradır. O baxımdan belə bir qərarın verilməsi doğru yanaşmadır. Hərbi qulluqçuların törətdiyi inzibati xətalara bu məhkəmələr baxacaqsa, bu yaxşı qərardır. Çünki inzibati xəta da cinayət hüquq pozuntusu kimi bir növ pozuntudur. Bu işlərə baxılması, əslində, kifayət qədər hərbi qanunvericiliyi bilməyi tələb edir”.
Vidadi ORDAHALLI