Bakıda tikilməkdə olan istirahət mərkəzi uçub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində “Green City” istirahət mərkəzində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub.
Onlardan 2-nin meyiti dağıntılar altından çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 1-ə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzində baş vermiş uçqun hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Səbail rayon prokurorluğundan məlumat verilib.
Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.