Aprelin 9-dan başlayaraq Belarusun Minsk şəhərində Azərbaycan gəncləri gününə start verilib. GİN-in mətbuat katibliyindən "Bakı-Xəbər"-ə bildirilib ki, aprel ayının 12-ə kimi davam edəcək bu tədbirdə Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində Minsk şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Belarus Respublikasının Təhsil naziri İqor Karpenkonun yerli ictimai fəal gənclərlə açıq söhbət formatında görüşü keçirildi. Görüş zamanı iştirakçılara hər iki ölkənin gənclərlə iş sahəsi haqqında geniş məlumat verildi.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından, burada iştirak edən könüllülərin fəaliyyətindən ətraflı danışdı. Nazir müavini eyni zamanda, Prezident yanında Gənclər Fondunun fəaliyyəti, gənclər sahəsində Azərbaycanda görülən işlər, qəbul olunan Dövlət proqramları haqqında da Belarus gənclərinə məlumat verib. Belarus Respublikasının Təhsil naziri İqor Karpenko növbəti Oyunların Minckdə keçirilməsinin düzgün seçim olduğunu vurğuladı və bu sahədə Azərbaycanın təcrübəsinin onlar üçün önəmli olduğunu bildirdi. Sonda İ.Babayev və İ. Karpenko gəncləri maraqlandıran suallara ətraflı cavab veriblər. Belarusda təhsil alan həmyerlilərimizin də iştirak etdiyi tədbirdə hər iki ölkənin gənclər siyasəti müzakirə olunub.
Günel CƏLİLOVA