"Azercell Telekom" MMC Bakı Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində Barama Media Mərkəzini tələbələrin ixtiyarına verib. BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.
Açılış mərasimində çıxış edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov yaradılan Media Mərkəzinin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib: "Azercell Telekom" öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalanıb, xüsusi laboratoriyalar quraşdırılıb. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz "Azercell"dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanır".
Xatırladaq ki, ötən il "Azercell" ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Şirkət BDU-da 3-cü və 4-cü kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə "Azercell Telekom"dan 200 manat təqaüd almaq və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı əldə edir.
Məlumat üçün bildirək ki, Barama Media Mərkəzi "Azercell Telekom" MMC və "PAŞA Bank"ın dəstəyi ilə yaradılıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.