"Şəhərin istənilən dükanında "Naxçıvan" adı ilə markalanan müxtəlif növ məhsula rast gəlmək olar"
Xəbər verildiyi kimi, "Naxçıvan" adından qanunsuz istifadə etməklə istehsal olunmuş kontrafakt məhsullar aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən mediaya verilən məlumata görə, daxili bazarda aparılan müşahidələr üzrə müəyyən olunub ki, Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan" adı ilə markalanıb.
Dövlət Komitəsi istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir. Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, bu günə kimi bazarda "Naxçıvan" adı altında istehsal olunan bir neçə məhsul aşkar olunub. Onlardan "Naxçıvan lavaşı", "Naxçıvan pendiri", "Naxçıvan kolbasası" və digərlərini qeyd etmək olar.
Azad İstehsalçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, məhsul satışında coğrafi addan istifadə etmək hazırda geniş yayılıb: "Bu gün bəzi istehsalçılar hansısa bölgənin məhsuluna böyük tələbin olduğunu bildiyi üçün məhsulun üzərinə həmin bölgənin adını vurur. Məsələn, bu günlərdə aşkar olunan "Naxçıvan kolbosası". Həmin məhsulun Naxçıvana aid olması sübüt olunmalıdır. Bunun üçün adıçəkilən kolbosanın üzərində Naxçıvanın hansısa qurumlarının möhuru olmalıdır.
Mən sizə deyim ki, uzun müddətdir bir sıra şirkətlər tərəfindən "İvanovka" məhsulu satışa çıxarılır. İvanovka kəndinin Bakıda cəmi 2 dükanı var. Ancaq 14 dükan "İvanovka" adı ilə fəaliyyət göstərir. Həmin dükanların İvanovka ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, bu addan istifadə edirlər. Analoji hal Naxçıvan məhsullarında da yaşanır. Bu sahədə aidiyyəti qurumlar mübarizə aparmalıdır".
Həmsöhbətimizin sözlərinə görə, şəhərin istənilən dükanında "Naxçıvan" adı ilə markalanan müxtəlif növ məhsula rast gəlmək olar: "Məsələn, Naxçıvan pendiri, lavaşı və kolbasası. İstehsalçı həmin məhsulu alarkən onun Naxçıvana aid olmasını göstərən sənədlə tanış olmalıdır. Satıcı məhsulun Naxçıvan istehsalı olduğunu təsdiqləyən sənəd təqdim etməsə, deməli o saxtadır".
Günel CƏLİLOVA